Şirkət rəhbərinin 4 nəfəri öldürən kürəkəni barədə qərardan şikayət verildi
    • 22-08-2023, 14:45
    • 198

Şirkət rəhbərinin 4 nəfəri öldürən kürəkəni barədə qərardan şikayət verildi

Baş Prokurorluq Bakıda "Range Rover"lə  4 nəfəri vurub öldürən Elşad Kəlbəliyev barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından protest verib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumatda bildirilir ki, Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsili bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.

Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.

Bakı Apellyasiya Məhkəməsi işi yenidən araşdırıb və qərar verib. Qərara əsasən Elşad Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib. O təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəsissəsində çəkəcək.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Samir Əli