Ərdoğan Rusiyaya gedir - Gündəlikdə nələr var?
    • 22-08-2023, 14:56
    • 98

Ərdoğan Rusiyaya gedir - Gündəlikdə nələr var?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşmək üçün özü Rusiyaya səfər edə bilər.

News24.az xəbər verir ki, bu barədə "NTV" telekanalı Türkiyə prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın mənbəsinin sözlərinə görə , Ərdoğanın Rusiyaya səfəri taxıl müqaviləsinin bərpasının mümkünlüyü baxımından həlledici əhəmiyyət kəsb edir.

“Yeni Şafak” qəzeti də prezident administrasiyasındakı mənbələrə istinadən yazır ki, Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək.

“Ərdoğanın səfəri taxıl dəhlizi sazişinin icrasının davam etdirilməsi üçün böyük addım olacaq”, - nəşr yazır.

Nəşrin məlumatına görə, liderlər taxıl sazişinin perspektivlərini müzakirə edəcəklər və bu məsələdə qarşıdakı görüş həlledici əhəmiyyət kəsb edir.

“Prezidentin müşaviri Akif Çağatay Kılıç Ukraynaya gedir, xarici işlər naziri Hakan Fidanın isə Ukrayna və Rusiyaya səfəri gözlənilir”, - məlumatda deyilir.

Türkiyə liderinin administrasiyasındakı mənbə “RİA Novosti”-yə Ərdoğanın Putinlə danışıqlar üçün Rusiyaya mümkün səfəri barədə məlumat verib. Onun sözlərinə görə, görüşün tarixləri hələlik məlum deyil - hər şey iki prezidentin iş qrafikindən asılı olacaq. Mənbə əlavə edib ki, Ankaranın əsas məqsədi davamlı atəşkəsə nail olmaq və sülh danışıqlarını bərpa etməkdir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Putin və Ərdoğan yaxın gələcəkdə ikitərəfli görüşün yerini və vaxtını dəqiq müəyyən etmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, ikitərəfli münasibətlər, Ukrayna və taxıl müqaviləsi məsələsi iki liderin gündəliyindədir.

Aydan