Sabiq bələdiyyə sədrinin məhkəməsində DAVA DÜŞDÜ
    • 22-08-2023, 17:50
    • 246

Sabiq bələdiyyə sədrinin məhkəməsində DAVA DÜŞDÜ

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesində dava düşüb. 

News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov təqsirləndirilən şəxs Aytac Əliyevanın xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib. 

Prosesdə iştirak edən zərərçəkmişlərlə təqsirləndirilən şəxslər arasında dava düşüb. Zərərçəkmiş şəxslər Aytac Əliyevanın bacısı İlknur Əliyevanın ev dustaqlığında olmasına etiraz edib və onun da həbsini istəyib. Prosesdə dava salan zərərçəkmiş zaldan çıxarılıb.

İttihama görə, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.

İttiham olunan bacılar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər ediblər.

Aytac Əliyeva və Turkut İlknur ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. 

Samir Əli