İki ildə hər şeyimi itirmişəm - Həbsdəki sabiq bələdiyyə sədri etiraz etdi
    • 1-08-2023, 17:36
    • 767

İki ildə hər şeyimi itirmişəm - Həbsdəki sabiq bələdiyyə sədri etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Sənədlərin tədqiqi davam etdirilib.

Təqsirləndirilən şəxs Aytac Əliyeva bildirib ki, iş üzrə zərərçəkmişlərin bəziləri ibtidai istintaqa ziddiyyətli ifadə veriblər:

"Zərərçəkmiş kimi tanınan şəxslər ziddiyyətli ifadə veriblər. Bu ifadələrə görə mən iki ildir ki, şərlənərək həbsdəyəm. Bu iki ildə bir insanın itirə biləcəyi hər şeyi itirmişəm. Bundan o yana itirə biləcəyim heç nə qalmayıb. Burda mənim taleyim həll olunur".
Proses avqustun 15-də davam etdiriləcək.
Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
Keçmiş bələdiyyə sədri və onun bacısı vətəndaşlara qarşı ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluqda ittiham olunur. 

Samir Əli