Bakıda bələdiyyə sədri  rüşvətə görə məsuliyyətə CƏLB EDİLDİ
    • 23-08-2023, 17:20
    • 256

Bakıda bələdiyyə sədri rüşvətə görə məsuliyyətə CƏLB EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakatlığı, rüşvət almaq və digər ağır cinayətlərdən təqsirlənidirlərən Bakının Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov və digər iki nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Azəd Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Zakir Cəfərov ifadə verib. O ittihamlarda özünü qismən təqsirli bilib. Qeyd edib ki, Şəmsəddin Kərimovun aldığı ərazi zibillik sahə olub və oranı abadlaşdırma üçün icarəyə verib. Daha sonra ərazinin satıldığını bildikdən sonra icarə müqaviləsini ləğv edib.

Zakir Cəfərov bildirib ki, Şəmsəddin Kərimovla heç bir münasibəti olmayıb: "Mənə dedilər ki 300 min manatı ödə,  məsələ bağlansın. Şəmsəddin Kərimov torpağı başqasından alıb və pulu başqasına verib. Mən isə həmin məbləği ödədim ki, iş bağlansın. Mən çarəsiz qalıb 300 min manatı ödəmişəm. Qorxdum ki iş böyüyəcək". 

İş üzrə təqsirləndirilən Namiq Hacıyev isə bildirib ki, torpaq sahəsinin satılmasında maklerlik edib: "İcarəyə çayxana işlədirdim. Eyvaz Kərimov dedi ki torpaq almışam, tikməyə imkanım yoxdu, satıram. Mən də tanıdıqlarıma dedim ki, torpaq satılır. Səhəri gün Şəmsəddin Kərimov mənə zəng vurub torpağın yerini soruşdu. Sonra razılaşdılar, dedilər torpağı alırıq. Şəmsəddin mənə dedi ki, kömək elə torpağı alım, sənə hörmət edəcəm. Mən də kömək elədim aldı, mənə də 3 min 600 manat pul verdi. Mənim heç bir sənəddən xəbərim olmayıb. Nə bələdiyyə tanıyıram, nə heç nə. İş açılandan sonra da 30 min manat pul ödəmişəm".

Xatırladaq ki, Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov, Eyvaz Kərimov və  Namiq Hacıyev cinayət əlaqəsinə girərək Yasamal rayon Bələdiyyəsinə məxsus torpaq sahəsinin sənədlərini saxtalaşdırmaqla həmin ərazini 300 min manata satmaqda təqsirləndirilir. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin  309-cu(vəzifə səlahiyyətlərini aşma), 311-ci(rüşvət alma) və 178-ci(dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.Təqsirləndirilən şəxslərə qarşı polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. 

Samir Əli