Bakıda 100 manata görə tanışını öldürənə ağır cəza verildi
    • 21-01-2019, 18:28
    • 771

Bakıda 100 manata görə tanışını öldürənə ağır cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.

Bakı şəhər sakini K.Əsgərov münaqişə zəminində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəyə tanışlar arasında pul söhbəti səbəb olub.

Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq, pulu İsrafilə qaytaracağını bildirib.

Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə, K.Əsgərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

K.Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ittiham irəli sürülüb. 
O, əvvəllər də məhkumluq həyatı yaşayıb. 

//OXuAz