Bakıda sürücülər və piyadalar üçün yenilik - Video
    • 26-07-2018, 10:42
    • 776

Bakıda sürücülər və piyadalar üçün yenilik - Video

Bakı Nəqliyyat Agentliyinin piyada təhlükəsizliyi ilə bağlı tətbiq etdiyi yeniliklərdən biri də səkilərdə qoruyucu dirəklərin (tumbaların) quraşdırılmasıdır. Belə dirəklərin qoyulmasında əsas məqsəd isə müxtəlif səbəblərdən idarəetməni itirərək yoldan çıxan avtomobillərin səkidəki piyadaları vurmasının qarşısını almaqdır. Qoruyucu dirəklər bəzi yerlərdə, xüsusən də pandus olan səkilərdə həm də avtomobillərin səkilərə parklanma üçün daxil olmasının qarşısını alır. 

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, dünya təcrübəsində piyadaların səkidə avtomobillə vurulması halları kifayət qədər tez-tez baş verir. Ona görə də zərurət olan yerlərdə quraşdırılan qoruyucu dirəklər səkidəki piyadanı etibarlı mühafizə edə bilər:

“Əvvəlcə onu qeyd etməliyəm ki, cəmiyyətdə həmin texniki vasitələrin adı ilə bağlı düzgün ifadələr işlədilmir. Kimisi tumba, kimisi dirək, kimisi sədd deyir. Əslində onun dilimizə tərcüməsi qoruyucu dirək və yaxud dirəkcik adlandırıla bilər.
Təyinatları müxtəlifdir, ancaq hazırda paytaxt ərazisində tətbiq olunanlar sırf piyadaları nəqliyyatdan qorumaq üçün nəzərdə tutulmuş qoruyucu dirəklərdir. 

Bunu o yerlərə tətbiq edirlər ki, sürücünün diqqətsizliyi, başqa bir nəqliyyat vasitəsi ilə toqquşma və ya qəza səbəbindən avtomobil səkiyə çıxır və piyadaları vurur. Hətta avtomobilin səkidən keçib yola yaxın olan obyektlərə çırpılması nəticəsində yaranan avtoqəzalar da az baş verməyib. Əgər fikir versək, paytaxt ərazisində də son vaxtlar yer səviyyəsindən olan şüşə, plastik, metal konstruksiyalı böyük pəncərəli, qapılı, hətta divarlı tikililərin sayı artmaqdadır. 

Bu qoruyucu dirəklər yeni qoyulanda mənə maraqlı gəlmişdi və araşdırmışdım.  ABŞ-da maraqlı bir statistika diqqətimi çəkmişdi. Deməli, hər il minlərlə nəqliyyat vasitəsi yoldan çıxaraq həmin binaların içinə girir. Ancaq dirəklər olan yerdə sürücü idarəetməni itirsə də, nəqliyyat vasitəsi səkiyə çıxa bilmir. İnkişaf etmiş ölkələrdə də kifayət qədər səkidə piyada vurma halları var”. 
Ekspertin sözlərinə görə, səkilərə qoyulmuş bu qoruyucu dirəklər həm də yarana biləcək terror hadisəsinin də qarşısını alır:
“Avropa ölkələrdində, Amerikada, bu yaxınlarda Rusiyada insanların çox olduğu yerlərdə terror xarakterli olaraq nəqliyyat vasitəsini səkiyə, park və istirahət mərkəzlərinə sürdülər. Onlarla insan həyatını itirdi. Qoruyucu dirəklər bu zaman da işə yarayır. Dünya təcrübəsinə əsasən dirəklərdən stadion, konsert salonu, ticarət mərkəzlərinin ətrafında da istifadə edirlər. Onun materialı elədir ki, minik avtomobilləri toxunanda ilişib qalır. 
Bundan başqa, avtomobillər qanunsuz olaraq səkilərdən park yeri kimi istifadə edir. Bu dirəklər həmin halların da qarşısını da alır. 
Düşünürəm ki, şəhərdə qiymətləndirilmə aparılmalı və harada risklər varsa, tətbiq olunmalıdır. Bunların piyadaların həyat təhlükəsizliyini təmin etmək baxımından çox xeyri var”. 

/Qafqazinfo