DİN-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO
    • 19-06-2019, 18:14
    • 926

DİN-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması, sürücülər tərəfindən qanunsuz  zəbt edilməsi hallarının artması vətəndaşların haqlı narazılığına səbəb olur və bu barədə Daxili İşlər Nazirliyinə ayrı-ayrı şəxslər tərəfindən şikayət xarakterli məktublar ünvanlanır.


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yollarda təhlükəsizliyin təmin edilməsi üçün istər piyadalar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar. Dayanma-durma tələbinin düzgün yerinə yetirilməməsi digər hərəkət iştirakçıları ilə yanaşı piyadaların həyatına da böyük təhlükə yaradır. Sürücülərin diqqətinə çatdırılır ki, yol hərəkəti haqqında qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir.


Bu gün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təbliğat işlərini gücləndirmə məqsədi ilə paytaxtın bir neçə prospekt və yollarında piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Belə ki, səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir. Rəyi soruşulan paytaxt sakinləri də avtomobillərin səkilərdə park edilməsinin piyadaların hərəkətinə ciddi maneə yaratdıqlarından şikayətləniblər. Qeyd edək ki, paytaxtın bəzi nöqtələrində sürücülərin əlillər, uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan pandusların üzərində belə nəqliyyat vasitələrini park etdikləri müşahidə edilib.


Sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.