-
- 25-08-2023, 22:15
- 254
Laçın rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət etdilər.
Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük.
Mehriban xanım Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır.
Balaca qız: Gedək bizim evimizdə bir çay içək.
Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə cansağlığı və uğurlar.
Qadın sakin: Sağ olun.
Mehriban xanım Əliyeva: Sağ olun.
Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Qeyd edildi ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.
Həmçinin məlumat verildi ki, Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Həmin məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur.