Ekspert: "Təhsilin əlçatanlılıq prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur"
    • 11-03-2019, 13:55
    • 603

Ekspert: "Təhsilin əlçatanlılıq prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur"

Xəbər verdiyimiz kimi, martın 13-də 2019-cu il üzrə 1-ci siniflərə qəbul elektron formada olacaq. Təhsil Nazirliyi bu ildən həyata keçiriləcək elektron qəbulla bağlı bütün yeniliklərə aydınlıq gətirib. Bəs digər dildə tədris aparılan bölmələr üzrə I sinfə şagird qəbulu necə həyata keçiriləcək?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin tələb olunduğunu bildirib: “Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müvafiq komissiyaya qeydiyyata yazılır. Bu prosesin yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır”.
 
Təhsil eksperti qeyd edib ki, bu qiymətləndirmənin nəticəsi 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndərilir:
“Təhsil Nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilən “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur. Ölkə prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma Təhsil Nazirliyi bunun qarşısını alır. Deyəsən heç bir iş görmədən, isti otaqda, rahat kresloda oturub aldıqları böyük əmək haqqı bunlara bəs etmir, indi də 1-ci siniflərə müsahibə təyin edib yaxşı gəlir əldə etmək istəyirlər”.
 
Kamran Əsədov 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət etdiyini deyib: “Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il, 2019-2020-ci tədris ilində bu rəqəmin artacağı qaçılmazdır. Sizcə azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün Təhsil Nazirliyinin resursu, kadrı varmı? Birmənalı olaraq YOX! Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. Nəzərə alsaq ki, elektron qaydada nə qədər valideyin yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər. Digər tərəfdən bu insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə, təhsil hüququ hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 45-ci maddəyə görə isə, ana dilindən istifadə hüququ hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Bunlar ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozurlar. Hələ işlədikləri Təhsil haqqında qanundan xəbərləri yoxdur ki, təhsilin məqdəsi nədir.  Təhsil haqqında qanunun 19.9 maddəsində qeyd olunur ki, ibtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir. İstəyirlər ki, uşaq məktəbə gələndə artıq rusca danışmağı, yazmağı öyrənsin, bunlarda sonra şəkil çəkdirib paylaşsınlar ki, bəh bəh bəh, gör biz necə uşaq yetişdiririk. Ali məktəblərə qəbul imtahanlarının, olimpiyadaların nəticələri repititorların, hazırlıq kursların özəl mərkəzlərin əziyyəti hesabına başa gəldikdən sonra, bunlar öz nəticələri kimi təqdim etməyə artıq vərdiş ediblər”.

Sevinc YASİNQIZI