Rəsmi Bakıdan Paşinyana XƏBƏRDARLIQ
    • 31-08-2023, 14:27
    • 408

Rəsmi Bakıdan Paşinyana XƏBƏRDARLIQ

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.

Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.

Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək",-qeyd edilib.