Bu il keçid balları niyə aşağıdır? - ŞƏRH
    • 31-08-2023, 19:37
    • 660

Bu il keçid balları niyə aşağıdır? - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Bunun ardından bəzi ixtisaslarda keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və müzakirələrə səbəb olub. Bu ixtisasların arasında elələri var ki, ötən il 600 keçid balı tələb edilirdi. Maraqlıdır, keçid balları bu il niyə bu qədər aşağı düşüb?

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu, keçid ballarının aşağı salınması demək deyil.

"Sadəcə olaraq, artırılmış dövlət sifarişi üzrə plan yerlərinin çoxluğu, eyni zamanda ümumi plan yerlərinin artımı ilə əlaqədardır. Məsələn, biz əsasən keçid ballarının aşağı enmə faktını birinci ixtisas qrupunda görürük. Amma iki və üçüncü ixtisas qrupunda görürük ki, ötən illə müqayisədə bəzi əsaslarda daha yüksək keçid balı formalaşıb"

Onun sözlərinə görə, eyni zamanda, dördüncü ixtisas qrupunda tibb istiqamətində keçid ballarında enmələr var. Beşinci ixtisas qrupunda isə , dizayn, idman istiqamətində keçid ballarında isə əksinə artım var. 

"Ümumilikdə, təbii ki, bu keçid ballarının aşağı enməsi, artırılan ümumi plan yerləri, eyni zamanda həmin il abituriyentlərin ümumi göstəricilərinə əsasən formalaşır. Yəni keçid balları dövlət tərəfindən aşağı salınıb və yaxud artırılmır müvafiq olaraq bu dediyim əsas iki detala əsaslanır. Plan yerlərinin artırılması və eyni zamanda müvafiq olaraq müsabiqədə işirak edən abituriyentlərin əldə etdikləri nəticə əsasında formalaşır. Ümumi götürsək, bu il ötən illərlə müqayisədə demək olar ki, daha çox abituriyent ali təhsil müəssisəsinə qəbul olunub və onların da 47-48 faizi ödənişsiz təhsil alacaq"

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə sözügedən mövzu ilə bağlı qeyd etdi ki, burada bir neçə amil rol oynayır.

"Düşünürəm ki, bu, bir daha orta məktəblərdə təhsilin məzmun və keyfiyyətinin artırılması ilə bağlı çox ciddi və zəruri addımların atılmasının önəmini ortaya çıxarır. Bu onu göstərir ki, biz orta məktəblərdə təhsilin məzmununa və keyfiyyətinə diqqət etməli və çox ciddi addımlar atmalıyıq. Həqiqətən, balların aşağı olması çox düşündürücüdür və cəmiyyət tərəfindən də heç də birmənalı qarşılanmır. Ona görə də aidiyyatı qurumlar bu istiqamətdə ciddi düşünməli və zəruri addımları atmalıdır"

Aydan