-
- 1-09-2023, 16:37
- 466
Akif Çovdarovun 30 milyon manatlıq əmlakı yenidən müsadirə edildi
Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun əmlaklarının müsadirə edilməsi ilə bağlı işə yenidən baxıb.
News24.az-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edib.
Qərara görə, Akif Çovdarovun müsadirədən azad olunan 30 milyonluq əmlakı yenidən müsadirə edilərək dövlət nəfinə verilib.
Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.
Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum edilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.
Samir Əli