-
- 1-09-2023, 19:01
- 464
Hicama nədir? - Xalq təbabəti, yoxsa şarlatanlıq
Son zamanlar insanların hicama müalicəsinə marağının artmasını müşahidə edirik. Bir çox xəstəxanalarda da bu proses həyata keçirilir. Bəzi insanlar bu üsulun xeyirli olduğunu, bəziləri isə heç bir effektinin olmadığını deyir. Hətta tanınmış nevroloq Qalib Əsədov bir az da irəli gedərək hicama ilə məşğul olan "diplom"lu həkimləri şarlatan adlandırdı. Biz də bu məsələyə aydınlıq gətirmək üçün mütəxəssilərə müraciət etdik. Hicama ilə müalicə düzgündürmü?
Mövzu ilə bağlı News24.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirdi ki, ümumiyyətlə tibbdə tətbiq edilən xalq təbabətinə aid edilən bütün metodların bu və ya digər dərəcədə elmi əsası var.
"Amma bu o demək deyil ki, istənilən vaxt, istənilən şəxs bunu edə bilər. Məsələn xəstənin ciddi anemiyası, talasimiya daşıyıcılığı, hemoqlobinopatiyası varsa, ona zəli qoymaq olmaz. Həmçinin hicamanı da hər kəsə etmək olmaz"
Həkim qeyd etdi ki, hicamada bəzi şeylər nəzərə alınmalıdır.
"Əvvəla gigiyenik qaydalara riayət edilməlidir. Alətlər birdəfəlik istifadə üçün olmalıdır. Əslində qan alma məsələnin həlli deyil. Keçmişdə təzyiqə qarşı dərmanlar olmadığı üçün qan alma üsulundan istifadə edilirdi. Artıq yeni dövrdə müəyyən preparatlar var. Ümumiyyətlə xəstəliyin kökünü tapmaq lazımdır. Xəstəliyi bilib bilmədən türkəçarə üsullarla müalicə etmək daha da pis nəticələrə gətirib çıxara bilər".
Manual terapevt Əli Şıxbabyev isə qeyd etdi ki, hicama bir çox xəstəlikləri müalicə edir.
"Hicama qədim zamanlardan hər zaman istifadə edilən bir metoddur. Damar xəstəlikləri, onların orqan və sümük strukturları tərəfindən daralması və sıxılması, varikoz damarları, yüksək şəkər səviyyəsi və "pis" xolesterin, oturaq həyat tərzi və düzgün qidalanmama səbəbindən qan durğunluğu baş verir ki, bu da hipoksiyaya və hüceyrə "aclığına" səbəb olur. Hicama bu durğunluğu aradan qaldıran və yeni qan istehsalını aktivləşdirən üsullardan biridir.
Onun sözlərinə görə, hicama təkcə xəstə insanlara yox, həmçinin saglam insanlar və uşaqlar üçün də edilir.
"Hicama müasir dövrdə yaranan müalicə üsulu deyil, onun tarixi qədimdir. Heredotun dövründən Hippokrat zamanlarına kimi bu prosedur tətbiq edilib. O dövrlərdə baş ağrıları (miqren və digər tiplər), kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu istifadə edilib"
Aydan