Sevinc Osmanqızı necə satıldı? - VİDEO
    • 12-03-2019, 14:13
    • 3 754

Sevinc Osmanqızı necə satıldı? - VİDEO

“Yeni Müsavat” qəzeti ABŞ-da yaşayan Sevinc Osmanqızı ilə bağlı ifşaedici yazı dərc edib.

News24.Az-ın xəbərinə görə yazıda bildirilir ki, Sevinc Osmanqızı təxminən 2012-ci ildə ABŞ-a Vaşinqton şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Arlington şəhərinə azyaşlı iki övladı ilə birlikdə köçüb. Həmin vaxt ona Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən hərtərəfli köməklik olunub. S.Osmanqızı da öz növbəsində xeyli müddət Azərbaycan səfirliyi ilə əməkdaşlıq edib. O, nəinki heç zaman müxalifətçi olmayıb, hətta tam əksinə, o zaman Azərbaycan hökumətinə qarşı fəaliyyət göstərməyə çalışan bəzi Avropa ölkələrində yaşayan mühacirlərlə mübarizəyə hazır olduğunu bəyan edirdi. Bunun qarşılığında yeganə istəyi maddi ehtiyaclarının ödənilməsi idi.

Sonradan məlum olub ki, Sevinc Osmanqızı azyaşlı övladlarını həyat yoldaşından icazəsiz, fırıldaq yolu ilə ABŞ-a aparıb. O, əslində övladları ilə birlikdə İstanbula istirahətə getmək üçün ərindən icazə alsa da, paralel olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən viza alıb və övladlarını da götürərək Azərbaycandan Türkiyəyə uçub. Türkiyədən isə uşaqlarını ABŞ-a qaçırıb. Beləliklə də, S.Osmanqızı həyat yoldaşının etibarından sadəcə sui-istifadə edərək, ABŞ-a formal olaraq tam qanuni əsaslarla getməyib.

Bununla belə, ABŞ-da məskunlaşmağa nail olmuş Sevinc Osmanqızı həyat yoldaşı tərəfindən övladlarının əlindən alına biləcəyi ilə bağlı daima xof içində olub və 2015-ci ilin sonlarında ABŞ hökumətindən siyasi sığınacaq istəmək qərarına gəlib. O, bu istəyini guya Azərbaycan hökuməti tərəfindən təqib olunması ilə əsaslandırmışdı.

Sevinc Osmanqızı təqribən 2016-ci ilə qədər Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşlardan təlimat alıb və ona “həvalə edilən” işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlib. Həmin ərəfədə səfirlik hətta ona övladları ilə bağlı problemin həllində köməklik etməyə çalışıb! Lakin övladlarının əlindən alına biləcəyi xofu heç vaxt Osmanqızını rahat buraxmayıb. Onu tanıyanlardan birinin dedikləri: 

“O, ünsiyyətdə olduğu şəxslərə daim gileylənirdi. Deyirdi ki, az pul qazanır. Ancaq “müxtəlif insanlardan təkliflər” alır və ona deyiblər ki, malik olduğu bacarıqları dövlətə qarşı işlədərsə, çoxlu maddi imkan əldə edə bilər. O vaxtlar o, həmçinin hansısa özəl əsasda rus dilindən ingiliscəyə tərcümələr də həyata keçirirdi. Bu xətlə də sonradan Sevinc Osmanqızı Rusiyanın ABŞ-dakı səfirliyi ilə də təmaslar yarada bilib. Ya da Rusiya səfirliyi onunla əlaqə qurub”.

ABŞ-dakı azərbaycanlılardan biri qəzetə deyib ki, S. Osmanqızı daimi olaraq Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyinin inzibati binasında keçirilən müxtəlif tədbirlər zamanı sözügedən ölkənin diplomatları ilə əlaqə yaradır. Bundan sonra isə belə münasibətləri gizli təmaslar formatında davam etdirdiyinə dair məlumatlar yayıldı. Bəzi məlumatlara görə, Sevinc Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi: bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti idi. 

Məhz Rusiyanın kəşfiyyat zabiti ilə yaxınlaşmadan sonra, daha dəqiq desək, son bir ildə Osmanqızının maddi cəhətdən yüksəlişi şübhə doğurmağa başlayıb. Vaşinqtonda yaşayan həmyerlilərimiz onun əvvəlki illərdən fərqli olaraq daha çox bahalı geyimləri və kosmetik əşyaları aldığını bildirirlər. Amerikaya gələndə “Marshall” və digər ucuz alış-veriş mərkəzlərində tez-tez görünən Osmanqızının artıq Virciniya ştatının Tyson Coner ərazisində yerləşən bahalı ticarət obyektindən bazarlıq edir, bu uğurun ABŞ-da iki övlad böyüdən tənha anaya necə qismət olması sualını verməyə məcbur edir. Ən maraqlı xəbər isə onun 2018-ci ildə özünə Florida ştatında ev alması ilə bağlıdır. 

Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sözügedən mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir. Maraqlısı odur ki, Osmanqızı bu mənzili ötən il iyun ayının 22-də özünə “ad günü hədiyyəsi” kimi alıb. Osmanqızının qonşuları ev sahibinin həmin ərazidə çox az göründüyünü və çox böyük ehtimalla mənzili kirayə verdiyini bildiriblər.

Vaxtilə xüsusi xidmət orqanlarında çalışmış bir ekspert deyib ki, belə adamlara xarici dairələr tərəfindən hətta hansısa həqiqi və məhdud çevrənin bildiyi məlumatlar da ötürülə, bu yolla Sevinc Osmanqızının bacarıqlı jurnalist obrazı daha da möhkəmləndirilə bilər. Əsas məqsəd həmin şəxsin (indiki halda jurnalistin) xarici xüsusi xidmət orqanlarının maraq dairəsində olan sosial qruplarda etimadını artırmaq və həmin qrupun "öz adamı" kimi qəbul olunmasına nail olmaqdır.