-
- 7-09-2023, 10:45
- 319
Qaçırmaq istədiyi qızın qohumunu öldürənin işi İSTİNTAQA QAYTARILDI
Biləsuvarda elçiliyə görə sevdiyi qızın qohumunu öldürən şəxsin cinayət işi yenidən istintaqa qaytarılıb.
News24.az-ın məlumatına görə, qətldə təqsirləndirilən Rüfət Əlizadənin cinayət işinin istintaqı yekunlaşaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə işi yenidən istintaqa qaytarıb.
Məhkəmə belə qənaətə gəlib ki. cinayət işi ətraflı araşdırılmayıb, qətl hadisəsində digər şəxslərin də iştirakı müəyyən edilməyib. Bu məqsədlə R. Əlizadənin barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti 1 ay artırılıb və cinayət işi araşdırılmaq üçün Biləsuvar rayon prokurorluğuna qaytarılıb.
Xatırladaq ki, hadisə bu il aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində baş verib. Cəlilabad rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlı qətlə yetirilib.
V.İlhamlı elçilik zamanı yaranan mübahisə zəminində öldürülüb.
Belə ki, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə vaideynlərini Cəlilabad rayonuna - sevdiyi qızın ailəsinə elçi göndərib. Lakin elçilik zamanı tərəflər arasında razılıq əldə edilməyib. Bundan sonra Rüfət xəbər göndərərək qızı qaçıracağını bildirib. Qızın ailəsi bundan narahat olub və qohumlar Cəlilabaddan Biləsuvarın kəndinə yola düşərək məsələni müzakirə etmək istəyiblər.
Biləsuvara gedən qohumlar arasında qızın yaxın qohumu olan Vüsal İlhamlı da olub. Münaqişə zəminində Rüfət Əlizadə qızın qohumu V.İlhamlıya ürək nahiyəsindən bıçaqla bir zərbə endirib. Ağır xəsarət alan 37 yaşlı şəxs hadisə yerində vəfat edib.
Samir Əli