“Nar” son 1 ildə aktiv abunəçi bazasını 13% artırıb
    • 13-03-2019, 16:27
    • 895

“Nar” son 1 ildə aktiv abunəçi bazasını 13% artırıb

Azərbaycanın ən gənc mobil operatoru “Nar Mobile”nin 12 il ərzində əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

News24.Az-ın məlumatına görə, tədbirdə bildirilib ki, hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan “Nar” 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb.

47 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq, 500 min nəfəri ötüb. “Nar”ın göstərdiyi xidmət və sərfəli qiymət sayəsində son 1 ildə aktiv abunəçi bazası 13% artaraq, 2,2 milyondan çox olub.Bununla da “Nar” 2018- ci ildə ən çox istifadəçi artımı olan mobil operator olaraq səciyyələnir.  

Şirkətin baş icraçı direktoru Qunnar Panke 2018-ci il ərzində “Nar”ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib: ““Nar”olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700–dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22% artırmağa nail olmuşuq”.

Şirkət rəhbəri deyib ki, 2017-ci il ilə müqayisədə satış üzrə 17% artım müşahidə olunub. Mobil operator il ərzində 570-dən çox yeni korporativ şirkət cəlb edib.

Şirkətin investisiyalarının bir hissəsi şəbəkənin inkişafına, digər hissəsi isə əməliyyat xərclərinin ödənilməsinə yönəldildiyini vurğulayan baş direktor  Qunnar Panke konkret rəqəm açıqlamayaraq bildirib ki, bütün mobil operatorlar üçün illik xərclər demək olar eynidir. Nigar MƏMMƏDLİ