Azərbaycanlılar Ermənistandakı dədə-baba yurdlarından zorla qovulub - Nazir
    • 13-09-2023, 12:59
    • 180

Azərbaycanlılar Ermənistandakı dədə-baba yurdlarından zorla qovulub - Nazir

Ermənistanın təcavüzü minlərlə azərbaycanlının yaşamaq, təhsil almaq, təhlükəsizlik, müdafiə və sağlamlıq hüquqlarından məhrum edilməsi ilə nəticələnib.

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 1987-ci ildən 1991-ci ilə qədər yüz minlərlə azərbaycanlı Ermənistandakı dədə-baba yurdlarından zorla qovulub. XİN rəhbəri, bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Onun sözlərinə görə, Ermənistandakı bütün azərbaycanlı yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, tarixi-mədəni irsimiz qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb, məhv edilib.

Ceyhun Bayramov, Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların həqiqi dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün çağırışlarını israrla rədd etdiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, beləliklə, Ermənistan qaçqınların statusu və digər mühüm beynəlxalq aktları pozur.

“Biz Ali Komissardan və BMT-nin digər ixtisaslaşmış qurumlarından Ermənistandakı evlərindən qovulmuş azərbaycanlıların hüquqlarına toxunmasını gözləyirik. Azərbaycanlılara qarşı beynəlxalq insan haqları qanunlarını kobud şəkildə pozduğuna görə Ermənistanın beynəlxalq arenada məsuliyyətə cəlb edilməsi çox vacibdir. Bu, belə cinayətlərin qurbanları üçün ədalətin əldə edilməsi istiqamətində əhəmiyyətli addım olacaq və həqiqi barışıq üçün mühüm əhəmiyyət kəsb edəcək”, - o əlavə edib.