2 kq narkotiklə tutulan Əməkdar artist azərbaycanlı - DEYİL

2 kq narkotiklə tutulan Əməkdar artist azərbaycanlı - DEYİL Şou

Bu gün ölkəmizin bir çox kütləvi informasiya vasitələrində "azərbaycanlı məşhur Əməkdar artist 2 kiloqram narkotiklə tutuldu" başlıqlı xəbərlər dərc edilib. 

Məlumatda bildirilir ki, Moskvada evə baxış keçirildikdən sonra Rusiya Federasiyasının əməkdar artisti Ramilə İsgəndərin (Xisamova) üzərindən 2 kiloqram mefedron və bir doza kokain aşkar edilib. 46 yaşlı aktrisasının evində aparılan axtarış zamanı amfetamin və 0,05 qram kokain aşkar edilib. Bundan əlavə, onun avtomobilinin qapısının bəzəyinin altından çəkisi 1,966 qram olan iki bağlama aşkar edilib. Həmin bağlamaların içərisində mefedron olduğu müəyyən edilib.

News24.az-ın araşdırması nəticəsində məlum olub ki, həbs olunduğu deyilən Rusiyanın Əməkdar artisti Ramilə Rifovna İskəndər milliyətcə azərbaycanlı yox tatardır. Əsl adı Ramilә Rif qızı Xisamova olan aktrisa  24 iyun 1977-ci ildə  Çelyabinsk vilayətinin Kunaşak kəndində anadan olub. 

Rusiyanın tanınmış teatr, kino və dublyaj aktrisasıdır. 2012-ci ildə "Rusiya Federasiyasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

Ramilə İsgəndər səhnə adını aktrisa anasının qızlıq soyadından adından götürüb. 1993-cü ildə Kunaşakda musiqi məktəbini akkordeon və xor ifaçılığı ixtisası üzrə bitirib. 1999-cu ildə Çelyabinsk Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Naum Orlovun kursunu bitirib.

1997-1999-cu illərdə Çelyabinsk Gənclər, 1999-2002-ci illərdə isə Çelyabinsk Dram Teatrında işləyib.

2002-ci ildə Moskvaya köçən R.İsgəndər 2003-cü ilə qədər Stanislavski adına Teatrda çalışıb. Aktirsa 2003-cü ildən isə Rusiya Dövlət Akademik Gənclər Teatrında yaradıcılığını davam etdirir.

Ramilə İsgəndər müxtəlif seriallar və filmlərdəki rolları ilə tanınır, həmçinin Lunginin “Çar” filmində İvan Qroznının həyat yoldaşı Mariya Temryukovna rolunu oynayıb.

Bundan əlavə, Ramilə İsgəndər səsi xarici filmlərdəki bir çox aktrisaların, o cümlədən Mila Kunis, Marion Cotillard və “Vicky Cristina Barselona” filmində qəhrəman Scarlett Cohansson-u səsləndirib.

2013-cü ildə atası naməlum olan Timur adlı bir oğlu dünyaya gəlib...

AYXAN