Azərbaycanda peşə standartlarının tətbiqi ilə bağlı seminar keçirilib - FOTO
    • 14-03-2019, 16:41
    • 768

Azərbaycanda peşə standartlarının tətbiqi ilə bağlı seminar keçirilib - FOTO

Kadr hazırlığı sisteminin əmək bazarında ixtisas bilikləri və bacarıqlarına olan tələblərlə uyğunluğunun təmin edilməsi aparılan islahatların mühüm bir istiqamətini təşkil edir.

News24.az xəbər verir ki, peşə standartlarının tətbiqi isə əmək bazarında həmin tələblərlə bağlı institutlaşmış informasiya bazası formalaşdıracaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar nazirliklə Avropa Təlim Fondunun (ATF) birgə təşkil etdiyi “Azərbaycanda peşə və kvalifikasiya standartlarının inkişafı və tətbiqi: maraqlı tərəflər üçün praktiki təlimatın hazırlanması” mövzusunda seminarın açılışı zamanı bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsində, təhsil proqramlarının (kurikulumların) hazırlanmasında, qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınmasında, qeyri-formal məşğulluqla mübarizədə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi xüsusi önəm kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nında bununla bağlı tapşırıq əksini tapıb. Həmin tapşırığın icrası olaraq ATF və Avropa İttifaqının dəstəyi ilə müvafiq işlər aparılır.

Bu işlər çərçivəsində “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri hazırlanıb. Həmin layihələr müvafiq qurumların rəyləri nəzərə alınaraq təkmilləşdirilib və yaxın vaxtlarda təsdiq edilməsi məqsədilə hökümətə təqdim olunacaq.

A.Əliyev qeyd olunan yeni qaydalara uyğun hazırlanacaq standartların ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin tətbiqi, təhsil proqramları ilə əmək bazarı arasında uyğunluğun təmin olunması və s. baxımından əhəmiyyətini qeyd edib.

Seminar aidiyyəti qurumların, işəgötürənlərin nümayəndələrinin və digər maraqlı tərəflərin, beynəlxalq ekspertlərin iştirakı ilə peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə yeni mexanizmin müzakirəsi, istifadəçilər üçün müvafiq təlimat kitabçasının razılaşdırılması məqsədinə yönəlib. Tədbirin gündəliyinə Türkiyə və Estoniyadan gəlmiş ekspertlərin bu sahədə öz ölkələrinin təcrübələrini bölüşməsi də daxildir.