Nazir Ədalət Vəliyevə "Əmək" ordenini təqdim edib
    • 14-03-2019, 17:38
    • 727

Nazir Ədalət Vəliyevə "Əmək" ordenini təqdim edib

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

News24.Az bildirir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim edib. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd edib ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib.

2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olan Ədalət Vəliyev “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri”, “Əqidə, ruh və teatr" (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyaların, “Teatr sənətimiz : dünən, bu gün, sabah...” , “Yeni təməl” kitablarının müəllifidir. Teatrşünaslıqla bağlı kitabları ingilis dilində (“The Structure of a Modern Theatre”, Belief, Spirit and Theatre” Türkiyədə, İngiltərədə nəşr olunub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ədalət Vəliyevə teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilib.