İrəvan sülh sazişinin imzalanmasını uzadır - Bakı güzəştə getməyəcək!
    • 16-09-2023, 14:46
    • 563

İrəvan sülh sazişinin imzalanmasını uzadır - Bakı güzəştə getməyəcək!

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib ki, Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir: “Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, - H.Hacıyev deyib.

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Amid Əliyev bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin tənzimlənməsi və sülh sazişinin imzalanması 2023-cü ildə nəzərdə tutulmuşdu:

“Bu il ərzində daha çox Vaşinqtonun və Brüsselin, eyni zamanda Moskvanın vasitəçiliyi ilə daha çox aktivlik müşahidə olundu ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olunsun. Ən çox görüşlər isə Vaşinqtonun vasitəçiliyi ilə həyata keçirirdi. Qeyd edilmişdi ki, sülh sazişinin təxminən 70 faizi Azərbaycanla Ermənistan arasında razılaşdırılmışdı. Lakin iyunda keçirilən Brüssel görüşündən sonra Ermənistanın siyasi hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmaması istiqamətində radikal addımlar atmağa başladı. Tərəddüdlü çıxışlar, şərti dövlət sərhədindəki təxribatlar, Xankəndi və ətraf ərazilərdə fortifikasiya qurğularının qurulması, eləcə də mütəmadi olaraq əraziyə silahların daşınması onu göstərdi ki, Ermənistanın siyasi rəhbərliyi və erməni cəmiyyəti siyasi və hüquqi mənada həm Azərbaycanla reinteqrasiya məsələlərinə, həm də sülh sazişinin imzalanmasına hələ hazır deyil”.

Politoloq qeyd edib ki, bütün bunlar Ermənistan siyasi rəhbərliyinin sülh sazişinin imzalanmasını böyük təhlükə altına qoyduğunu göstərir. A. Əliyev hesab edir ki, ilin sonuna qədər Ermənistan tərəfindən sülh sazişinin imzalanmasını gözləmək bir qədər tərəddüdlüdür: “Ermənistan siyasi rəhbərliyinin verdiyi bəyanatlarla real addımları arasında tərs mütənasiblik yaranır. Məsələn: indiyədək Xankəndi və digər ərazilərdə silahlı separatçılar qalmaqda davam edir, həmin ərazilərdən vaxtilə qovulmuş azərbaycanlılar ora qayıda bilmirlər. Eyni zamanda reinteqrasiya prosesləri başlamayıb. Ağdam-Xankəndi yolu hələ də açılmayıb. Bütün bunlar onu göstərir ki, Ermənistan siyasi hakimiyyəti sülh sazişinin imzalanmasında maraqlı deyil. Bu barədə artıq dünyanın bir sıra dövlətləri və aparıcı təşkilatları Ermənistana lazım olan xəbərdarlıqları siyasi cəhətdən bildiriblər. ABŞ-la birgə keçirilən son təlimlər, bölgədə keçirilmiş qanunsuz seçkilərlə bağlı regional güc hesab olunan dövlətlər və təşkilatlar Ermənistana xəbərdarlıq ediblər. Hətta ermənilərin özü belə - ölkənin birinci prezidenti olan Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Liparityan bildirdi ki, bu məsələdə Ermənistana nə bir dövlət, nə təşkilat, nə də hansısa qurum kömək edəcək”.

Politoloq xatırladıb ki, 2023-cü il Ermənistana sınaq və son şans ili olaraq verilmişdi ki, ilin sonuna qədər sülh sazişi imzalansın: “Nikol Paşinyan, Alen Simonyan, Ararat Mirzoyan Azərbaycanın aktivliyini müşahidə edərək, telefon diplomatiyasına keçərək bir sıra dövlət rəhbərlərindən Azərbaycan dövlət başçısı ilə görüşün həyata keçirilməsini və sülh sazişinin imzalanmasına razı olduqlarını bildirdilər. Hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını rəsmən bir daha dilə gətirdilər. Lakin əsas məsələ Ermənistanın bu bəyanatları real olaraq kağız üzərində imzalayıb hüquqi sənəd kimi təsdiq etməyə nə qədər hazırlıqlı olmasıdır. Biz bilirik ki, Azərbaycanla sülh sazişinin imzalanmaması üçün Ermənistana təzyiq edən dövlətlər və siyasi dairələr var”.

Amid Əliyev vurğulayıb ki, hazırkı məqamda ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının real olub-olmayacağı Ermənistan hakimiyyətinin atacağı növbəti siyasi addımlardan asılıdır: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir. Bu ehtimaldan da görünür ki, Ermənistan tərəfinin tərəddüdlü çıxışları, destruktiv mövqeyi, real olaraq yerdə apardığı proseslər sülh sazişinin imzalanması ehtimalını yarıbayarı azaldır. Əgər Ermənistanın siyasi hakimiyyəti, erməni cəmiyyəti öz xilas yollarını Azərbaycanla birlikdə real, konstruktiv mövqedə olduqlarını anlayıb dərk etsələr, bu istiqamətdə vacib addımlar atıb xaricdən edilən təzyiqlərə tab gətirə bilsələr, ilin sonuna qədər bu sazişin imzalanması mümkündür. Əks təqdirdə, Ermənistan hakimiyyəti, erməni cəmiyyəti, sadə ermənilər Azərbaycana qarşı aparılan bu propaqandanın ağır nəticəsini öz üzərlərində hiss edəcəklər. 

Azərbaycan heç vaxt bölgədə əldə edilmiş sülhün qorunmasına mane ola biləcək qüvvələrə güzəştə getməyəcək. Azərbaycan bölgədə təhlükəsizlik arxitekturasını yenidən qurur və bu işdə mane olan tərəfləri, siyasi qrupları, hətta dövlətləri belə bitərəf edib neytrallaşdırma gücünə qadir olan bir ölkədir. Bu məsələdə dünya ictimaiyyəti və təşkilatları, eləcə də Azərbaycanla birgə olan tərəfdaş dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Hazırkı məqamda top Ermənistan tərəfdədir”. 

Ekspert əlavə edib ki, rəsmi İrəvan real siyasi addımlar atıb, sülh sazişinin imzalanması istiqamətində görüşlərin keçirilməsini təklif etsə, müsbət addımlar atılacaq: “Oktyabrın 5-də Qranadada Avropa Siyasi İcmasının üçüncü sammiti keçiriləcək. Nəzərdə tutulub ki, sülh sazişi tərəflərə təqdim ediləcək. Sazişin imzalanmasının tarixi müəyyən edilməli idi. Biz Ermənistan siyasi hakimiyyəti tərəfindən bu məsələ ilə bağlı real addımlar gözləyirik. Əgər ilin sonuna qədər Ermənistan siyasi hakimiyyəti tərəfindən manipulyasiyaların davam etməsi, müddətlərin uzadılmasını görsək, Azərbaycan dövləti real addımların atılmasını təmin edəcək”.

Akqabay Mıradov