-
- Bu gün, 05:34
- 169
Xaos davam edir: "Müharibələr ssenarisinə hazır olmalıyıq"
2024-cü il Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi üzrə razılaşma əldə olunmasa da, digər müstəvilərdə müsbət xarakterli irəliləyişlər əldə edildi. Qazaxın Ermənistanın işğal altında olan 7 kəndindən 4-ü Azərbaycana təhvil verildi. Eyni zamanda Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində 12 km-lik hissəsi delimitasiya və demarkasiya olundu.
News24.az bildirir ki, bunu Teleqraf.com-a Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn deyib.
“Hadisələrin indiki vəziyyəti nəzərə alınsa, gələn il, yəni 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsi mümkündür. Eyni zamanda Azərbaycana və ümumilikdə regiona erməni təhdidinin aradan qaldırılması ehtimalı böyükdür”, - deyə Pənah Hüseyn söyləyib.
Partiya sədrinin sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanla Naxçıvan arasında birbaşa gediş-gəlişin təmin edilməsi mümkündür:
“Sözsüz ki, bu, eyni zamanda Türkiyə ilə birbaşa gediş-gəliş deməkdir. Həmçinin Qərbi azərbaycanlıların öz vətənlərinə qayıtması prosesinin başlanması və bu istiqamətdə hansısa mühüm addımların atılması mümkün hesab edilir”.
Pənah Hüseynin fikrincə, bu istiqamətdə addımlar atılacaqsa, o halda sülh müqaviləsinin hüquqi əsaslarının formalaşması realdır:
“Hazırda dünyada çox qarışıq proseslər baş verir. Xaos dönəmi hələ davam edir. Ona görə də hadisələrin istənilən situasiyada dəyişməsinə, o cümlədən, müharibələr ssenarisinə hərbi, mənəvi, psixoloji cəhətdən hazır olmaq lazımdır”.