"Bravo"ya silahlı basqın edən şəxsin atası da məsuliyyətə cəlb edildi - FOTO
    • 20-09-2023, 15:35
    • 779

"Bravo"ya silahlı basqın edən şəxsin atası da məsuliyyətə cəlb edildi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Xətai rayonu ərazisindəki "Bravo" hipermarketdə silahlı insidentdə təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov, Rövşən İsmayılov  və Ruhlan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov ANAMA- mən əməkdaşı olub. Hazırda müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması  medalları ilə təltif olunub.

Həmçinin prosesdə o da məlum olub ki, təqsirləndirilən şəxs Rövşən İsmayılov hadisəni törətməkdə təqsirləndirilən şəxslərdən biri,  hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır. 

Prosesdə təqsirləndirilən şəxs Azər Məmmədovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, müvəkkilinə qarşı ibtidai istintaqda qanunsuzluğa yol verilib, ona qarşı əsassız ittihamlar irəli sürülüb. Vəkil müvəkkilinin qarşı cinayət işinə xitam verilməsini istəyib. 

Sonra məhkəmə müşavirəyə yollanıb. 

Müşavirədən sonra məhkəmə qərardadı elan olunub. Qərara əsasən, vəkilin vəsatəti rədd edilib iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı oktyabrın 4-nə təyin edilib. 

 Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə həlak olub.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adamöldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adamöldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, bir ədəd “Makarov” və bir ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə bir ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Samir Əli