Dövlət Xidmətinin yüksək rütbəli məmuru məhkəməyə GƏTİRİLDİ
    • 21-09-2023, 16:00
    • 353

Dövlət Xidmətinin yüksək rütbəli məmuru məhkəməyə GƏTİRİLDİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yüksək rütbəli məmuru məhkəməyə gətirilib. 

News24.az-ın məlumatına görə, Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri  Eldəniz Qafarov ifadə vermək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə dəvət edilib. E. Qafarov külli miqdarda mənimsəmə və rüşvət almaqda təqsirləndirilən, Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun cinayət işi üzrə şahid qismində ifadə verəcək. 

İ. Məmmədov E. Qafarovun rəhbərlik etdiyi şöbənin sektor müdiri vəzifəsində çalışarkən həmin cinayətləri törətməkdə təqsirləndirilir. 

İ. Məmmədov məhkəmədə ittihama münasibət bildirərkən qeyd edib ki, o, şöbə müdiri Eldəniz Qafarovdan gizli heç bir iş görə bilməyib. 

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər 18 nəfər vəzifəli şəxs Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar 169 halda rüşvət alma faktlarında təqsirləndirilir. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Samir Əli