"Məhkəmə apellyasiya şikayətini qanunsuz qəbul edib..." -
    • 21-09-2023, 18:54
    • 244

"Məhkəmə apellyasiya şikayətini qanunsuz qəbul edib..." - "Nərmin işi"ndə növbəti QALMAQAL

Tovuz rayonunun Dondar Quşçu kəndində 4 il öncə 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılması məsələsiylə yeni məhkəmə çəkişməsi başlayıb.

Təqsirləndirilən şəxs İlkin Süleymanovun vəkili Zabul Qəhrəmanov News24.az-a bildirib ki, azyaşlının atası Şərif Quliyevin qərardan verdiyi apellyasiya şikayəti Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən qanunsuz olaraq qəbul edilib: 

"Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən 20 gün müddətində şikayət verilə bilər. Amma Şərif Quliyev hökmün apellasiya müddəti baş çatandan sonra şikayət verib. Bu isə əsassızdır. Gəncə Ağır Cinayətlər Məhkəməsi həmin şikayəti qəbul etməməlidir. Amma hakim Dadaş İmanov şikayəti qəbul edib. Biz Məhkəmənin bu qərarından da şikayət vermişik. 

Azyaşlını oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilsə də, Nərminin atası indi ona ömürlük cəza verilməsini tələb edir. Şərif Quliyev bu tələblə şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddəti heç bir üzrlü səbəb olmadan ötürüb. Buna görə də onun İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasından ötrü verdiyi apellyasiya şikayətini heç məhkəmə icraata götürüb baxa bilməzdi.

Şikayət gec verildiyinə görə onu qəbul edib-etməmək məsələsilə əlaqədar hökm çıxarılan Gəncə Ağır Cinayətlər Məhkəməsində ayrıca məhkəmə iclası keçirilib. Məhkəmədə Nərminin atası da, mən də  iştirak etmişəm. 

Şərif Quliyev deyir ki, guya hüquqi savadı yoxdur, hökmü alandan sonra 20 gün ərzində apellyasiya şikayəti vermək lazım olduğunu bilməyib. Bu səbəbdən gecikmə olub. Amma digər tərəfdən də etiraf edir ki, vaxtında elektron qaydada apellyasiya şikayəti göndərmişdi".

Vəkili Zabil Qəhrəmanov isə bildirib ki, məhkəmədə hökm oxunanda hakim 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini tərəflərə elan edib və bunu Şərif Quliyev də eşidib. Sonradan hökm yazılı şəkildə Quliyevlərə göndərilib və orada da mətnin sonunda bu qeyd var.

Vəkil hesab edir ki, Şərif Quliyev yalan danışır. Müdafiəçi vurğulayıb ki, məhkəmə bu cür qanun pozuntusuyla verilmiş şikayəti qəbul edə bilməz.

Vəkil Zabil Qəhrəmanov bu qərarın özündən də apellyasiya şikayəti verib. 

Xatırladaq ki, qətldə təqsirləndirilən ilkin Süleymanov 18 il azadlıqdan məhrum edilməsi barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib. Lakin ilkin iclasda zərərçəkmiş tərəf də şikayətçi olduğunu bildirib. Onun şikayəti isə gec verildiyindən qəbul edilib-edilməməsi məsələsi həllini tapana qədər bu işə baxılması təxirə salınıb.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Süleymanov 18 il azadlıqdan məhrum edilib. 

Samir Əli