Narkotik satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıb
    • 16-03-2019, 12:00
    • 1 128

Narkotik satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıb

Bakıda  narkotik vasitələrin satışı ilə məşğul olan Qazaxıstan Respublikasının vətəndaşı saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a daxil olan məlumata görə,  Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Qazaxıstan Respublikasının vətəndaşı əvvəllər məhkum  olunan Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. Oradan isə əlavə olaraq 503,292 qram narkotik vasitə heroin və 49,881 qram metamfetamin aşkar edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.