Azərbaycan əsgərləri müğənnilərlə belə rəqs etdilər – FOTO - VİDEO - YENİLƏNİB
    • 18-03-2019, 15:15
    • 2 525

Azərbaycan əsgərləri müğənnilərlə belə rəqs etdilər – FOTO - VİDEO - YENİLƏNİB

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Novruz bayramı ərəfəsində  Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin və News24.az saytının komandasının da iştirak etdiyi səfərdə kənddə yerləşən məscid və “Qayıdış” parkına baş çəkilib.

Daha sonra isə Füzuli rayonunun ərazisində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Şəhidlərin ruhu ehtiramla yad edilib.
Novruz bayramı ərəfəsinə təsadüf edən səfər zamanı əsgərlərdə şən əhval-ruhiyyənin yaranması üçün  “N” saylı hərbi hissədə müğənnilər Günay İbrahimli, Damla, Əhməd Mustafayev, Yeganə Mürsəlova meyxanaçı Namiq Məna və başqalarının iştirak etdiyi bayram konserti təşkil olunub.

Tədbirdə ASCO sədrinin müavini Nəzrəddin Əhmədzadə dənizçilər adından çıxış edərək Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb.

Hərbi hissənin komandanlığı ASCO əməkdaşlarının bu təşəbbüsünü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib.

Bildirilib ki, əsgər və zabitlər torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.
Konsert zamanı əsgərlərə bayram sovqatı verilib, həmçinin təşkilatçılar tərəfindən viktorina keçirilib. Qaliblərə xüsusi hədiyyələr təqdim olunub.
Tədbirin sonunda Novruz bayramının atributları olan Kosa, Keçəl və  Bahar qızının şən zarafatları, əyləncəli oyunları daha da yaddaqalan edib.

ASCO şəxsi heyətin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən tədbirdə yaxından iştirak etdiyinə görə hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif edilib.

Teymur MƏMMƏDOV