-
- 3-10-2023, 11:40
- 359
İranda həbs edilən Fəriddən XƏBƏR VAR
"Oğlum Fəridin vəziyyəti yaxşıdır".
News24.az xəbər verir ki, bu barədə trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb:
"Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib".
D.Əsgərova əlavə edib ki, hələ apellyasiya məhkəməsi keçirilməyib.
"Yaxın həftələrdə apellyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi barədə məlumat olacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, iranlı həmkarı ilə görüşü zamanı ondan Fərid Səfərlinin məsələsinə humanizm prinsiplərinə uyğun baxılmasını xahiş edib.
Qeyd edək ki, Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.