Bu gün Cəbrayıl Şəhəri Günüdür
    • 4-10-2023, 01:52
    • 317

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.