“Rusiya sülhməramlıları bölgədə uzun müddətə qalacaqlar” - Hərbi ekspert
    • 6-10-2023, 18:46
    • 334

“Rusiya sülhməramlıları bölgədə uzun müddətə qalacaqlar” - Hərbi ekspert

Məlum olduğu kimi, Qarabağın 3 rayonu - Əsgəran, Ağdərə və Şuşada sülhməramlıların postları ləğv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - deyə nazirlikdən bildirilib.

Məlumatda o da deyilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Maraqlıdır, sülhməramlılar tamamilə Qarabağı nə zaman tərk edəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki,  sülhməramlıların bölgədən getməsi ilə bağlı məlumat heç kimi çaşdırmamalıdır.

Onun sözlərinə görə,  orada, ümumiyyətlə, onların qalmasına heç bir zərurət yoxdur:

"Laçın yolunu istifadəyə verəndə təzə yolda onlar daha beş post yaratdılar və bununla bağlı Azərbaycana heç kim məlumat vermədi. İndi bu bizim dostlarımızda bir az belə çaşqınlıq yaradıb ki, Rusiya qoşunlarını Qarabağdan çıxardır. Mən elə düşünmürəm və açıq deyim ki, Rusiya sülhməramlılarının bölgədə qalması ilə bağlı əminliyim daha da artır. Çünki dünən Rusiya prezidenti, Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırdı. Nəzərə alsaq ki, indiyə qədər Rusiya xarici işlər naziri Sergey Lavrovun köməkçisi Mariya Zaxarova, ondan sonra Peskov, indi də dünən Putinin bu fikri dilə gətirməsi ilə mən əsla düşünmürəm ki, Rusiya sülhməramlıları bölgədən gedəcək. Amma ötən günlərdə deyildi ki, artıq Azərbaycanla sülhməramlıların bölgədə qalmaq məsələsi müzakirə olunacaq. Bir məlumat gedib ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ermənistana gediblər, Qarabağ sülhməramlılarının bölgədən çıxması məsələsini müzakirə edəcəklər. Bu, Ermənistan tərəfindən mədəni ayrılmaq deməkdir. Yəni bundan sonra sülhməramlıların Ermənistana nə aidiyyatı ola bilər ki?"

Ekspert onu da qeyd etdi ki, sülhməramlılar Azərbaycan ərazisində olduğu üçün bütün söhbətlər Azərbaycanla aparılacaq:

"Ona görə də Rusiya sülhməramlıları bölgədə uzun müddətə qalacaqlar. Kim deyir ki, onlar burdan gedəcəklər, mən elə bir şey görmürəm. Mən hesab edirəm ki, Rusiya sülhməramlıları Qarabağda qalacaqlar. O vaxta kimi ki, orada beş erməni yaşasa da, nəzərə alsaq ki, 22 nəfər indi müraciət edib, Azərbaycan vətəndaşlığını istəyir. 22 erməninin yəqin ki, yanına bir 220 rus ayıracaqlar. Orada erməni millətindən olan polislər və digərləri fəaliyyət göstərməyəcək. Ruslar deyəcəklər ki, bizim burada qalmağımız vacibdir. Tək Azərbaycan qalsa, ermənilər aləmi qatacaqlar ki, yox, Azərbaycan niyə qalmalıdır? Mən hesab edirəm ki, Rusiya sülhməramlıları bu üç rayon ərazisindən çıxandan sonra başqa işlərlə məşğul olacaqlar. Yəqin ki, yaxın vaxtlarda biz bunu eşidəcəyik. Ən azından yenə də deyirəm, Putinin ötən günkü çıxışından sonra Rusiya sülhməramlılarının Qarabağda uzun müddət qalacaqlarına qəti əminliyim yarandı".