KİV: Fransa qoşunlarını Nigerdən çıxarır
    • 7-10-2023, 00:46
    • 298

KİV: Fransa qoşunlarını Nigerdən çıxarır

Fransa oktyabrın 9-da qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

News24.az “Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdiriləcək yeri müəyyən edib. Hərbçilər Fransanın Saheldəki qüvvələrinin qərargahının olduğu qonşu Çada yerləşdiriləcək.

“Əl-Cəzirə” qeyd edib ki, silahlı qüvvələr komandanlığının nümayəndələri üsyançılarla məhdud kontingentin çıxarılması proseduru ilə bağlı razılığa gəliblər.

Oktyabrın 5-də AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib ki, hərbçilər bir həftə ərzində Nigeri tərk etməyə başlayacaq. RFI radiostansiyasının məlumatına görə, ilk olaraq Mali ilə sərhəd yaxınlığında “Almahau” antiterror əməliyyatında iştirak edən 400 hərbçi dislokasiya olunacaq. Təxminən 1 000 nəfərlik kontingentin çıxarılması üç ay çəkəcək.

Sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron səfirin və bir sıra diplomatların Niameydən geri çağırıldığını və üsyançılarla hərbi əməkdaşlıqdan imtina etdiyini açıqlayıb. Paris ilin sonuna qədər Afrika ölkəsindən qoşunlarını çıxarmağı planlaşdırır.