-
- 9-10-2023, 14:30
- 276
Dərsdə telefonla oynayan uşaqları hansı cəza gözləyir?- EKSPERTDƏN AÇIQLAMA
Son zamanlar orta məktəb şagirdlərinin qeyri-etik davranışlarının tez-tez şahidi oluruq. Dərsdə telefonla oynayan, "TikTok"-da canlı yayım açan, dərsi dinləməyən şagirdlərin sayı gündən-günə artır. Bu halların artma səbəbləri nədir?
Bu barədə News24.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, əsas səbəblərdən biri müəllimlərin idarəçilik qabiliyyətinin zəifliyi, məktəblərdə nizam-intizamın olmamasından irəli gəlir.
Bu baxımdan məktəblərin nizamnaməsi olmalıdır. Nizamnamədə təhsil alan şagirdlərin davranış qaydaları göstərilməlidir.
Hazırda ümumtəhsil məktəblərində nizamnamə yoxdur. Amma tədris ilinin əvvəlində pedoqoji şurada məktəblər üçün nizam-intizam qaydaları müəyyən olunmalı və şagirdlərin yaş dövrləri nəzərə alınmalıdır.
Bu tip hallar baş verən məktəblərdə direktorların üzərinə böyük iş düşür. Nizam-intizamı məktəb direktorları qaydaya salmalıdırlar. Həmin problem yaradan şagirdlərin valideynləri ilə də sıx əlaqədə olmaq lazımdır. Məktəb psixoloqu sözügedən uşaqlara dərsdən əlavə psixoloji seanslar təşkil etməlidir.
Ekspert bildirib ki, şagirdlərin məktəbə gələn zaman telefon gətirməkləri düzgün deyil. Sadəcə hazırlığa gedən zaman telefon götürmək məqbul hesab olunur.
Bu baxımdan məktəblərdə həm müəllimlər, həm valideylər üçün maarifləndirmə işləri aparılmalıdır.
Ülkər Abdurahmanlı