-
- 12-10-2023, 09:30
- 390
"Azərbaycanın nəqliyyat-logistika infrastrukturu İƏT ölkələri üçün açıqdır" - Deputat
Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT, 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalayıb.
Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, dövlət başçımızın müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi də ölkəmizin bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətimizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan qısa zamanda güclü iqtisadi inkişafa nail olaraq böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub. Uzun illər düşmən tapdağında qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək genişmiqyaslı bərpa-quruculuq layihələrini həyata keçirir. Dövlət başçımızın cari ilin 10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərə «Böyük Qayıdış» proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd -yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda «yaşıl enerji» və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində həyata keçirilən layihələrin iştirakçıları sırasına tezliklə qoşulacağını da bəyan edir.
Azərbaycanın İƏT-də sədrlik mövzusunun «Yaşıl keçid və qarşılıqlı bağlantılar» kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Qeyd edim ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nəticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib.
K.Bayramov əlavə edib ki, hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan «boz» zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb.
Aynurə