-
- 19-10-2023, 11:13
- 245
Samuxda iş adamını sifarişlə qətlə yetirənlərə HÖKM OXUNDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində iş adamını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Elvin Mehdiyer və Tural Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Mehdiyev 18 il, T. Yusifov isə 16 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2021-ci il noyabrın 11-də Samux rayonunun Sərkar kəndi ərazisində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və noyabrın 12-də orada ölməsi ilə bağlı daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər - Saatlı rayon sakini E.Mehdiyev və Sərkar kənd sakini T.Yusifov tutularaq istintaqa təhvil veriliblər.
Məlumata görə, A. Hüseynov Rusiyada bizneslə məşğul olub. Məhkəmə araşdırması zamanı məlum olub ki, A . Hüseynov Ukraynada kriminal avtoritet kimi tanınan Ruslan adlı şəxsin sifarişi ilə qətlə yetirilib.
Samir Əli