Azərbaycanda banklar niyə ardıcıl BAĞLANIR?
    • 23-10-2023, 13:37
    • 915

Azərbaycanda banklar niyə ardıcıl BAĞLANIR?

Azərbaycanda zaman-zaman banklar bağlanır, ya da ləğv edilir. Son bir ildə isə üç böyük bank bağlanıb. Sonuncu ləğv edilən isə “Muğan Bank” oldu. Yaranan mənzərə bank sistemində vəziyyətin heç də ürək açan olmadığını göstərir. Bir neçə ay öncə isə Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi. Bəs, Azərbaycanda banklar nə üçün ardıcıl olaraq bağlanır?

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, əksər banklar mövcud qanunvericiliyin tələblərinə və Mərkəzi Bankın göstərişlərinə əməl etmirlər və bu səbəbdən də bağlanırlar:

"Bankların maliyyə göstəriciləri, yəni kapitalın adekvatlıq tələbi göstəricilərə uyğun olmadıqda bankların lisenziyaları ləğv edilir. Ümumiyyətlə, bankların qarşısına qoyulan tələblər çox sərtdir. Banklar digər sahibkarlıq subyektlərindən fərqli olaraq öz vəsaitləri hesabına deyil, müştərilərdən cəlb edilən vəsaitlər hesabına fəaliyyət göstərirlər. Müstəridən əldə etrdikləri əmanəti digər şəxslərə kredit verirlər. Kreditlər problemli olduğu halda isə müştərilər əziyyət çəkir. Onların banka qoyduğu əmanətlər qaytarılmır. Beləliklə, banklar müflisləşir. Eyni zamanda banklar yüksək nizamnamə kapitalına sahib olmalıdır (minimum 50 milyon). Bankların fəaliyyətindən asılı olaraq məcmu kapitalına tələb də artır". 

Ekspert əlavə etdi ki, bəzən bankların hansı səbəbdən bağlanması məlum olmur:

"Bu ilin may ayında "Günay Bank"ın niyə bağlandığı hələ də dəqiq bilinmir. Ola bilər ki, formal pozuntular olub, lakin həmin pozuntu müştəri üçün risk yaradırsa, bank bağlana bilər. Əks təqdirdə yox. 

Azərbaycanda müflisləşmiş ən iri bank "Bank Standart"dır. 2016-cı ildə müflisləşib. Sözügedən bankda müştərilərin 1 milyard 200 min manat pulu batıb. Bu pulun təqribən 450 milyonu vətəndaşların, 750 milyonu isə sahibkarların idi. "Ata Bank" 2016-cı ildən müflis idi. Onun da ləğv edilmə müddətini uzatdılar və nəhayət 2020-ci ildə bağlandı".

Xatırladaq ki, sonuncu olaraq Azərbaycanda oktyabrın 19-da “Muğan Bank” ASC ləğv edilib. Buna səbəb kimi bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı göstərilib.

Qumral Əliyeva