“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmir olunub
    • 27-03-2019, 16:34
    • 1 656

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Həsən  Əliyev”  gəmi-bərəsi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin sualtı və suüstü hissəsi, aşağı və yuxarı vaqon göyərtəsi, baş  göyərtəsi, maşın  şöbəsi və üst  qurumu təmizlənərək rənglənib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri təmir olunub, avar valları saz hala gətirilib,  göyərtədə və maşın şöbəsində boru işləri yerinə yetirilib. Gəmi üzrə elektrik quraşdırma və avtomatika işləri görülüb.

Bundan başqa,  gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan Akademik Həsən  Əliyev”  gəmi-bərəsi yenidən istismara qaytarılıb.

Uzunluğu 154,5, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir. Tam yükgötürmə qabiliyyəti 2425 ton olan gəmi-bərəyə eyni vaxtda 28 dəmiryol vaqonu yükləmək mümkündür.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi var.