Dədə Süleymanın qızı: “Son nəfəsində dedi ki...” - VİDEO
    • 23-10-2023, 19:17
    • 220

Dədə Süleymanın qızı: “Son nəfəsində dedi ki...” - VİDEO

“Hər dəfə Qarabağ deyəndə, ürəyim tel-tel olur, həsrətdən qəlbim göynəyir”, – deyirdi. Doğulub boya-başa çatdığı Füzuli rayonunun Qoçəhmədli kəndinə getməyin, uşaqlıq xatirələrini diriltməyin xəyallarını qururdu. Ata-anasının məzarını ziyarət etmək, doğma kəndinin bulaqlarının suyunu içib, təşnə ürəyinə su səpmək, o torpaqda yenidən oxumaq arzusu ilə yaşayırdı…

News24.az yenicag.az-a istinadla xəbər verir ki, Xalqın sevilən sənətkarı, Azərbaycan musiqisinə möhürünü Dədə Süleyman kimi vuran, ustad sənətkar Seyid Şuşinskinin ən sevimli tələbələrindən olan Süleyman Abdullayevi təsadüfən xatırlamadıq. Xanəndənin bu dünyadan köçməsindən bir il ötür.

Bu gün ruhun şaddır, Dədə Süleyman. Çünki doğulub boya-başa çatdığın Füzuli rayonu artıq işğaldan azad edilib. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin iştirakı ilə oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olundu.

Biz də Dədəni yad etmək üçün sənətkarın sevimli qızı Aygün Süleymanqızının ocağında olduq, dədə ilə bağlı xatirələri ipə-sapa düzdük. Deyir, dədəmin yuxularında gördüyü o yerlər artıq işğaldan azad olunub. Dədə çox istəyirdi o yerləri gedib görsün. Amma həmin vaxt səhhətində problemləri olduğundan, bu arzusunu gerçəkləşdirə bilmədi.

Danışır, onu bir ata, bir sənətkar kimi dəyərləndirir, xarakterizə edir qızı… “Dədəm Türkiyəyə qastrol səfərlərinə gedən ilk sənətkarlardan olub. O, son dərəcə təvazökar, sadə, səmimi, xalqına, Vətəninə bağlı insan idi”, – deyir Aygün. Elə son nəfəsində də “mən xalqıma borclu gedirəm” deyib gözlərini əbədiyyətə yumdu Dədə Süleyman.

Azərbaycan musiqisinə etdiyi bu qədər xidmətlərə rəğmən özünü bu xalqa borclu hesab edirdi sənətkar. Tanıyanlar gözəl bilir, ona ustad xanəndə, sənətkar deyə xitab edəndə, dədə “mən hələ öyrənirəm”, – deyirdi. Yaşının ixtiyar vədəsində də yeni qəzəllər öyrənirdi. Gənc musiqiçilərə qarşı xüsusi rəğbətlə davranırdı. Heç vaxt kimisə pisləməzdi, gənc həmkarlarını tərifləyib, onlara ruh verirdi.

Mənə həmişə “dədə balası” deyib əzizləyərdin, “bu gün şəkillərinə baxıb ovunuram dədə” deyib göz yaşlarına hakim ola bilmir Aygün. Atası ilə bağlı ən böyük arzusunu dilə gətirir:

“Dədəm xoşbəxt sənətkar idi, ən böyük arzusu doğma torpaqların alınması idi. Bu xoşbəxtliyi xalqımıza, dədəmə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, yenilməz ordumuza, şəhidlərimizə, qazilərimizə, muğamatımızı dünya səviyyəsində zirvələrə qaldıran Mehriban xanım Əliyevaya minnətdarlığımı ifadə edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Ən böyük arzumdur ki, hər kəsin Dədə deyib ehtiram bəstələdyi Seyid Şuşinskinin yadigarı olan atamın adına musiqi məktəbi açılsın. Gənclərimiz o musiqi məktəbində muğamın sirlərini öyrənsin, Azərbaycan musiqisini bütün dünyada təmsil və təbliğ etsinlər. Nə qədər ki muğamatımız yaşayır, Dədə Süleymanın da adı əbədi yaşayacaq. İnanıram ki, bu arzumuz yerinə yetiriləcək və Dədə Süleymanın adını daşıyan musiqi ocağı fəaliyyətə başlayacaq. O günü səbirsizliklə gözləyirik”.

Onu da qeyd edək ki, anım günü ərəfəsində Dədə Süleymanla bağlı Vaqif Rüstəmovun “Səsin sorağında” adlı kitabı da işıq üzü görüb. Yaxın vaxtlarda kitabın təqdimat mərasimi keçiriləcək. Azərbaycanda nə qədər ki muğam, musiqi sənəti yaşayır, Dədə Süleymanın da adı əbədi yaşayacaq.