-
- 24-10-2023, 10:30
- 219
Onlar öz evlərinə qayıtmaq hüququndan məhrumdurlar - Əli Əhmədov
"30 illik işğal nəticəsində Azərbaycan əhalisinin təxminən 10-dan biri məcburi köçkün vəziyyətində olub".
News24.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov "Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin Nəticələri və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" adlı 3-cü dialoqda bildirib.
O deyib ki, Azərbaycan daim dayanıqlı inkişaf məqsədlərinə diqqətlə yanaşır:
"Azərbaycan BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri" layihəsinin həyata keçirilməsinə çox həssaslıqla yanaşır. Bu layihənin qəbulundan sonra başlayan COVID-19 pandemiyası, eləcə də qlobal problemlər layihənin kifayət qədər əhatəli icrasına imkan verməyib. Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, baş verənlər layihənin məqsədlərini zəiflətməməlidir. Azərbaycan layihədən istifadə edərək dünyanın daha uğurlu, aydın olması, insanların daha gözəl yaşaması üçün müvafiq addımları atır. Dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması üçün dialoq vacib məsələlərdən biridir. Bizim qarşımızdakı əsas məqsəd 30 illik işğaldan azad olunan ərazilərimizin bərpasından ibarətdir. Həmin ərazilər tamamilə yerlə-yeksan edilib. İnsanlarımız oradan işğal nəticəsində qaçmağa məcbur olmuşdu. Azərbaycan əhalisinin təxminən 10-dan biri məcburi köçkün vəziyyətində olub. İndi onlar məcburi köçkün olmasalar da, öz evlərinə qayıtmaq hüququndan məhrumdurlar. Həmin ərazilərin bərpası Azərbaycanın dayanıqlı inkişaf məqsədlərindən biridir".
Fərid Azəri