Narkotik satışında təqsirləndirilən QAZİ AZADLIĞA BURAXILDI
    • 25-10-2023, 20:03
    • 1 022

Narkotik satışında təqsirləndirilən QAZİ AZADLIĞA BURAXILDI

Şəki Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vətən müharibəsinin iştirakçısı Əhməd Ağabalazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Ə. Ağabalazadənin cinayəti sübuta yetirilməyib və o bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, Ə. Ağabalazadə Cinayət Məcəlləsinin in 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirləndirilib və barəsində Şamaxı rayon Məhkəməsinin  qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilmişdi. 

İş məhkəməyə göndərilsə də, vəkil Elşad İsayevin vəsatətinə əsasən  məhkəmənin hazırlıq iclasında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə işin ibtidai istintaqı zamanı  kobud qanun pozuntularına, o cümlədən müdafiə hüququnun kobud pozulmasına  yol verildiyi üçün iş istintaqa qaytarılıb. 

Bundan sonra istintaq orqanı tərəfindən  məhkəməyə uzadılma ilə bağlı yenidən təqdimat verilmiş, məhkəmə həbsdə saxlama müddətini  əlavə olaraq 3 ay uzadıb. Həmin qərardan müdafiə tərəfi şikayət vermiş,  Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Şamaxı rayon Məhkəməsinin qərarı ləğv olunub və həbsdə saxlama müddəti bir ay uzadılıb ki, müstəntiq işi aidiyyatı üzrə göndərsin  Lakin bütün bunlara baxmayaraq istintaq orqanı yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı  Şamaxı rayon Məhkəməsinə müraciət  edib, Məhkəmə yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.

Qeyd olunan  qərardan apelyasiya şikayəti verilib və Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin edərək təqdimat vəsatətini rədd edib, 1-ci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərar  və təqsirlındirilən şəxsin həbsdən azad olunması barədə ayrıca qərar qəbul edib. 

Şamaxı rayon prokurorluğu isə işi Şəki Ağır  Cinayətlər  Məhkəməsinə göndərmişdi. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilmişdi. 

Vəkilin hökmdən verdiyi apellyasoya şikayətinə bu gün baxılıb və qərar qəbul edilib.

Şəki Apellyasiya Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baxılan məhkəmə iclasında qazinim barəsində bəraət hökmü çıxarılıb. Məhkəmənin qərarı ilə işi aparan müstəntiq və Şamaxı rayon prokuroru barədə xüsusi qərar qəbul edilərək tədbir görülməsi üçün Baş prokuroprluğa göndərilib.

Samir Əli