-
- 27-10-2023, 09:30
- 427
Bu şəxslər hər ay 105 manat ala bilər
5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2510, uşaqlarının sayı isə 10517 nəfərdir. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Rəsmi məlumata görə, 3 və daha çox uşaq dünyaya gətirərək onları 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış güzəştli şərtlərlə yaşa görə sosial müavinət alan qadınların sayı 67 084 nəfərdir.
Qeyd edək ki, beşdən çox uşağı olan, müavinət almaq hüququ Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə verilir.
Bəs 5-dən çox uşağı olan qadınlar necə sosial yardım ala bilər və onun məbləği nə qədərdir?
News24.az xəbər verir ki, məsələ ilə bağlı danışan hüquqşünas Turan Abdullazadə referans.az-a bildirib ki, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda müvainət almaq hüququ olur:
"Qeyd olunan məsələlər Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanunun 4-cü maddəsində müavinətlərin növləri göstərilmişdir. Həmin müavinət növlərindən biri də 5-dən çox uşağı olan qadınlara verilən müavinətdir. Qanunda göstərilib ki, 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara, uşağın sağ olması şərtilə bu hüququn yaranmasına səbəb olmuş uşaq bir yaşına çatdıqda artıq bu müavinət təqdim olunur".
Hüquqşünas qeyd edib ki, 5-dən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Onun sözlərinə görə müavinətin məbləği hər uşağa görə 105 manatdır: "Tələb olunan sənədlər isə ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və yaxud da sahə inzibati ərazi dairələri üzrə arayışıdır".