Səfirdən sərt sözlər:
    • 30-10-2023, 13:02
    • 165

Səfirdən sərt sözlər: "HƏMAS-la danışıqlar masasına otura bilmərik"

“İsraillə HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz”.

News24.az xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

“Biz kiminlə danışıqlar masasına oturmalıyıq? Mən onlarla nə danışmalıyam? Biz HƏMAS-la danışıqlar masasına otura bilmərik, onlar hər dəfə İsrail dövlətinin məhv edilməli olduğuna inandıqlarını təkrarlayırlar”, - o deyib.

Diplomatın sözlərinə görə, İsrail tərəfi Qəzza zolağının dağıdılması və onun sakinlərinin köçürülməsini planlaşdırmır: “Qəzza zolağının məhv edilməsi planı yoxdur. Bunun haradan gəldiyini bilmirəm, amma belə bir plan yoxdur. HƏMAS-ın hərbi strukturlarının məhv edilməsi və girovların qaytarılması planı var, vəssalam”, - diplomat Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qəzza zolağının dağıdılması və 2 milyon sakinin ölkədən qovulması barədə sözlərini şərh edərkən bildirib. 

Ben Zvi həmçinin vurğulayıb ki, İsrail tərəfi Yaxın Şərqdəki münaqişəni hərbi baxımdan genişləndirməyə hazırdır, lakin bunda maraqlı deyil. 

“Biz hərbi baxımdan hazırıq. Amma biz bu münaqişənin genişlənməsində maraqlı deyilik. Biz öz təşəbbüsümüzlə Livan və Suriyanı atəşə tutmağa başlayanlar deyilik. Hizbullah, Suriyadakı şiə qrupları və s, HƏMAS-a kömək etmək üçün İsrail ərazilərini atəşə tutmağa başlayırlar”, - deyə o qeyd edib.

Ayşən