Artıq 7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb
    • 29-03-2019, 15:31
    • 1 089

Artıq 7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə pensiya təyinatının elektron infrastrukturu qurulmaqla, sosial təminat sahəsində ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb.

Bu günədək artıq 7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, pensiya yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün də təyin edilmiş pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla onlara məlumat verilib.

Bununla da pensiya yaşı çatan vətəndaşların onlara pensiya təyin olunması üçün  müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyac olmadan, onların pensiya hüququ reallaşdırılıb.

Bu il pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır.

Eyni zamanda, sosial müavinətlərin də avtomatlaşdırılmış təyinat mexanizminin yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər aparılır.