Mərkəzi Bankın sədri deputatların fikri ilə RAZILAŞMADI
    • 2-11-2023, 15:12
    • 286

Mərkəzi Bankın sədri deputatların fikri ilə RAZILAŞMADI

Əhalinin nominal gəlirlərinə baxdıqda manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov qeyd edib ki, banklararası bazar yaradılmasına 1 il ərzində nail olublar: “Bu, çox böyük nailiyyətdir. Bunun nəticəsi olaraq pul bazarı artıb. Bank olmayan təşkilatların arasında əməliyyatlar pul bazarı nöqteyi-nəzərindən kəskin artıb. Bu bizim üçün böyük fürsət idi ki, sistemli şəkildə izafi pul kütləsini sterilizasiya edək. Biz 4 milyardadək pul sterilizasiya etdik. Bizim məqsədimiz izafi tələbi məhdudlaşdırmaq idi. Real sektorun maliyyələşdirilməsi nöqteyi-nəzərinə gəldikdə, maya dəyəri nöqteyi-nəzərindən təmərküzləşmə mövcuddur. Biz təmərküzləşmə ilə mübarizə aparırıq. Ümidvaram ki, növbəti addımlarımızı görəndə başa düşəcəksiniz ki, bu bizim üçün prioritet sahədir. Bizim bu gün banklararası bazarda 2 milyarda yaxın sərbəst vəsait var. Büdcə xərclərinin artırılması ilə bank kreditləşməsi azalır və ya əksinə. Bunu illər üzrə bölsək görərik. Ona görə də uçot dərəcəsini azaldırıq”.