Bakıda saxlanılan “Azərbaycan mafiya”sının başçısı ilə bağlı ŞOK FAKTLAR - FOTO
    • 3-11-2023, 12:20
    • 527

Bakıda saxlanılan “Azərbaycan mafiya”sının başçısı ilə bağlı ŞOK FAKTLAR - FOTO

Sankt-Peterburq sakinlərini döyən dəstənin lideri, azərbaycanlı bloger Tural Məmmədov Rusiya Federasiyasının tələbi ilə Bakıda saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə “Kommersant”a Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişev məlumat verib.

Belə ki, Tural Məmmədovun idarəçisi olduğu “Life of a Tramp” Teleqram kanalı Sankt-Peterburq sakinlərinin döyülməsini əks etdirən videolar yayıb. Döyülənlər bir qayda olaraq, yeniyetmələr və ya sərxoş halda yoldan keçənlər olub. Bəzi videolara “Azərbaycan mafiyası” yazılıb. Tural Məmmədov bu əməlinə görə oktyabrın sonunda beynəlxalq axtarışa verilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. 

Vaqif Məmişev bildirib ki, T. Məmmədov həbs olunub. O, polis nəzarətindədir. V. Məmişev qeyd edib ki, hazırda iki ölkənin hüquq-mühafizə orqanları şübhəli şəxsin ekstradisiyası ilə bağlı prosessual məsələləri koordinasiya edir: “Prosedur var. Heç kim kimisə sadəcə zəng etməklə belə asanlıqla verə bilməz. Artıq ekstradisiya ilə bağlı sorğu var və o təsdiq olunub”.

V. Məmişev blogerin ailəsi ilə əlaqə saxlayıb və onun hərəkətini sərt şəkildə pisləyib, valideynləri isə bütün Sankt-Peterburq sakinlərindən üzr istəyib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İdarəsinin məlumatına görə, oktyabrın sonundan etibarən şəhərdə “Azərbaycan mafiyası”nın üzvlərinin məkanlarında axtarışlar aparılır. Tədbirlər zamanı Leninqrad vilayətində yerləşən idman klubuna, fabriklərdən birinə, habelə bir neçə restorana baxış keçirilib.

“Kommersant” yazır ki, Tural Məmmədov saxlanılması üçün Sankt-Peterburqun hüquq-mühafizə əməkdaşları azərbaycanlı toyunun keçirildiyi “Kurakina Dacha” restoranında axtarış aparıblar. Axtarış nəticəsində bir neçə nəfər, o cümlədən müəssisənin əməkdaşı polis bölmələrinə aparılıb. Şahidlər iddia edir ki, əsas məqsəd şəhər sakinlərinə hücumla bağlı səs-küylü prosesdə əvvəllər saxlanılan şərikləri ilə birlikdə bloger Tural Məmmədovun axtarışı olub.

Nəşrlə söhbətində restoran əməkdaşları təhlükəsizlik qüvvələrinin qonaqlarla kifayət qədər sərt davrandıqlarını təsdiqləyiblər. “Kameralar bir insanın bir neçə dəfə vurulduğunu və sadəcə yerə uzandığını, ikinci mərtəbədə yaşlı bir kişinin və daha ikisinin pilləkənlərdə necə vurulduğunu göstərir. İçəri girib mənə dedilər ki, toyu dayandır, musiqini söndür və bütün masalara yaxınlaşıb sənədləri yoxlamağa başladılar. Onlar heç bir şəxsiyyət vəsiqəsi göstərməyiblər”.

Gənclərin valideynləri mediaya bildiriblər ki, onlar Rusiya vətəndaşlarıdır, 30 ildir Sankt-Peterburqda yaşayırlar və heç vaxt qanunu pozmayıblar. Bəyin anası Yelena Bağırova hələ də şokda olduqlarını etiraf edib: “Oğlum və gəlinim restorandan göz yaşları içində çıxıblar”. 

Restoran administrasiyasından nəşrə bildiriblər ki, toyda 500-ə yaxın qonaq iştirak edib ki, onların da əksəriyyəti Rusiya pasportlu azərbaycanlılar olub. Restoran işçilərinin dediyinə görə, polis Tural Məmmədovu axtardıqlarını bildirib.

Ümumilikdə, xuliqanlıq, nifrət və düşmənçiliyin qızışdırılması işi üzrə ondan çox şəxs, o cümlədən Azərbaycan, Tacikistan və Dağıstan vətəndaşları saxlanılıb.

Qeyd edək ki istintaqın məlumatına görə, 2023-cü ildə bir qrup gənc Sankt-Peterburq sakinləri ilə dava salaraq onları döyüb. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Azərbaycandan gələn şəxslər tərəfindən yoldan keçənlərin döyülməsini əks etdirən videoların yoxlanılması barədə göstəriş verdikdən sonra istintaq başlayıb. İstintaq Komitəsinin məlumatına görə, gənclər “xuliqanlıq motivləri ilə, habelə nifrət və düşmənçilik zəminində yerli sakinlərə hücum ediblər”.

Akqabay