"Əmlak sektorunda yaranan problemlər daha çox kirayələrlə bağlı olur" — AÇIQLAMA
    • 3-11-2023, 19:26
    • 334

"Əmlak sektorunda yaranan problemlər daha çox kirayələrlə bağlı olur" — AÇIQLAMA

Mingəçevirdə kirayə ev adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daşınmaz əmlak saytlarında kirayə ev adı ilə elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynov məsuliyyətə cəlb olunub.

Məlum olub ki, R.Hüseynov ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə onlayn yolla ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb, atıb. Daha sonra guya kirayə müqaviləsi bağlamaq adı ilə zərərçəkmişlərdən şəxsiyyət vəsiqələrinin fotoşəklini tələb edib və həmin şəxsiyyət vəsiqələri ilə özünə yeni mobil nömrələr alaraq dələduzluq əməllərini davam etdirib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında deyib ki, əmlak saytlarına elan yerləşdirmək sərbəst olduğuna görə onlara nəzarət demək olar ki, mümkünsüzdür:

“Sayta elan yerləşdirən şəxs mobil nömrə və elektron poçt ünvanını da qeyd edir. Buna görə də hər hansı cinayət əməli olarsa, həmin şəxsi tapmaq müvafiq orqanlar üçün rahat olur. Daha çox avqust ayının sonu, sentyabrın əvvəllərində tələbələrin kirayə mənzil axtardığı bir vaxtda saxta elanlar yerləşdirilir, insanların pulunu mənimsəyirlər, daha sonra elə bir evin mövcud olmadığı üzə çıxır. Vətəndaşlara tövsiyəm odur ki, əmlak alarkən və ya kirayə götürərkən ona şəxsən baxış keçirsinlər, sahibi ilə danışsınlar, beh və ödənişin tam hissəsini əmlak sahibinin özünə versinlər. 

Əmlak sektorunda yaranan problemlər daha çox kirayələrlə bağlı olur. Şəxs kirayə üçün vasitəçi şəxsə beh verir, daha sonra mənzil sahibi kirayənişinlə razılaşmır, mənzili ona vermir. Kirayə mənzil və ya qeyri-yaşayış obyekti götürərkən qanuni formada kirayə müqaviləsi bağlanmalıdır. Bu zaman hər iki tərəfin öhdəlikləri qeyd olunur. Müqaviləni imzalayandan sonra tərəflər bir-birlərinin hüquqlarını poza bilməz. Bu zaman qanun  müstəvisində problemlər həllini tapa bilər”.