Bakı və Sumqayıtdakı bu evləri ucuz ala bilərsiniz - “Yanvarın 18-dən etibarən...”
    • 16-01-2023, 12:20
    • 3 732

Bakı və Sumqayıtdakı bu evləri ucuz ala bilərsiniz - “Yanvarın 18-dən etibarən...”

Yanvar ayından etibarən mənzillərin kirayə şərtləri ilə satış qiymətində ucuzlaşma müşahidə edə bilərik.
 
News24.az xəbər verir ki, bu fikirlə deputat Vüqar Bayramov çıxış edib. Millət vəkilinin sözlərinə görə, kirayə üzrə əməliyyatın vergidən azad edilməsi bu prosesə rəvac verəcək:
 
"Bu ildən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib. Yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə həmin mənzillərin daha aşağı qiymətə təklif olunmasına səbəb ola bilər. Qeyd edək ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzillərin satın almaq məqsədi ilə təqdim edilir. Yəni vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.
 
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmaqda aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədi ilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir".
 
Bu prosesin daşınmaz əmlak bazarına təsiri ilə bağlı saytımıza açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə sözügedən kateqoriyaya aid olmayan mənzillərin kirayə verilməsində və satışında dəyişikliyin olmayacağını deyib:
 
"Bu qaydanın daşınmaz əmlak bazarına təsiri olmayacaq. Ona görə ki, əmlak bazarında təkrar satışlarda vergi yoxdur. Burada əraziyə, yəni hər kvadrata görə vergi təyin olunur. Bu layihə isə sosial layihə olduğu üçün vergidən azaddır. 18 faiz məsələsi isə tikinti şirkətlərinə aid olunur. Kirayə qiymətlərində dəyişikliyin olacağını gözləmirəm".