-
- 4-11-2023, 00:24
- 318
Mir Mövsün Ağa da belə dəfn olunub – Qəribə qəbirlər
“Dinimizə görə, dünyasını dəyişən hər bir insanı dörd ünsürdən biri olan torpağa dəfn etmək vacibdir. Qəbir insan ayaq üstə duranda ən azı qurşağına çatana qədər qazılmalıdır. Mərhum qüsl edildikdən sonra üç hissədən ibarət kəfənə bükülür, namazı qılınır və sağ çiyni üstə yönü qibləyə məzara qoyularaq üstü bağlanır”.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, başqa dinlərdə fərqli dəfnlər var:
“Hindistanda ölüləri dörd ünsürdən biri olan odda yandırırlar. Bəzi bölgələrində isə ölmüş adamı uca bir dağın başına qoyurlar ki, qartallar, quşlar onu yesin, sonda sümüklərini bir qutuya yığıb saxlayırlar. Səmavi dinlərdəki torpağa dəfn etmək adəti Adəm peyğəmbərin oğlu Qabilin qardaşı Habili qətl etdikdən sonra torpağa dəfn etməsindən başlayır. Qədim Misirdə ölmüş insanları (əsasən Fironları) mumyalayıb tabutlarda sərdabələrə qoyardılar. Həmin meyitlər hələ də qalır”.
İlahiyyatçı sərdabənin iki məqsədlə istifadə edildiyini bildirib:
“Birincisi, yerin altında zirzəmi üsulunda tikilir, adətən nəsil, ailə üçün nəzərdə tutulur. Ölmüş insan yerin altındakı zirzəmiyə endirilib eynən qəbirə qoyulduğu formada, üzü qibləyə qoyulur və yan tərəfi hörülüb bağlanır.
Sərdabə bir də növbəti ölü olanda açılır və əvvəlki mərhumun böyrünə qoyulub yenidən hörülür. Bu cür sərdabələr əsasən Gəncə şəhərinin qədim qəbiristanlığında var. İkinci üsul sərdabələr isə ölünü əbədi dəfn etmək yox, müvəqqəti əmanət qoymaq üçün istifadə olunur. Əvvəllər Bakıda bu cür əmanətlər çox olub, indi də qalır. Mərhum vəsiyyət edirmiş ki, onu Kərbəlada dəfn etsinlər. Öldükdən sonra həmin vaxt onu İraqa aparmaq mümkün olmurmuş, sərdabədə ya da qəbirdə əmanət qoyurmuşlar ki, haçan imkan olsa aparılsın. Yaxud da o dövrə görə uzun zaman səfərdə meyitin aparılması problem yaratdığı üçün gözləyirmişlər əti çürüsün, sonra sümükləri bir qutuya yığıb aparsınlar Kərbəlaya. Və bu cür “əmanət” olunan mərhumları İslam qaydasına uyğun olaraq sağ çiyni üstə, yönü qibləyə yox, insan can verəndə qoyulduğu kimi ayaqlarının altı qibləyə, arxası üstə dəfn edirmişlər. Ola bilsin, o dövrün din adamları belə əsaslandırıblar ki, ölü normal islam qaydalarına uyğun üzü qibləyə, sağ çiyni üstə dəfn olunsa, qəbri açıb onu sonra çıxarmaq şəriətə görə haramdır. Belə ediblər ki, çıxarmaq zərurəti yaransın və sonra qəbri açmaq günah hesab olunmasın. Ancaq hər bir halda yanlış ediblər. Əvvəla, İslam dininə, şəriətə ziddir. Çünki vəsiyyəti icra etmək mümkün olduğu və haram olmadığı zaman vacibdir”.
T.İrfan deyib ki, sonradan bu cür dəfn olunan adamların çoxunu çıxarmaq, ya vəsiyyət etdiyi yerə aparmaq, ya da normal, şəriətə uyğun dəfn etmək mümkün olmayıb:
“Məsələn, Mir Mövsün Ağa kimi tanınan məşhur seyid də o cür dəfn edilib, lakin sonradan onu nə çıxarıb Kərbəlaya aparıblar, nə də düzgün dəfn ediblər. Ola bilər, insan öldükdən sonra onu ekspertiza etmək vacib olsun. Ancaq həmin vaxtda bu mümkün olmasın, tutaq ki, 1 aydan sonra mümkün olsun. O zaman müvəqqəti dəfn oluna bilər. Ancaq yenə də şəriətə uyğun olmalıdır. İslamda “ölünü əmanət qoymaq” deyə bir anlayış, bir müddəa yoxdur. Çünki heç kəs əmin deyil ki, sonra o mərhumu çıxarıb vəsiyyət etdiyi yerə çatdıra biləcək ya yox. Necə ki, Sovet hökumətinin qurulması ilə bir çox “əmanət qoyulmuş” ölülər Kərbəlaya aparıla bilmədi. Nə də onları çıxarıb normal, şəriətə uyğun dəfn edən olmadı”.