Bakıda modelyerin atasının qətlə yetirilməsinin TƏFƏRRÜATI
    • 6-11-2023, 18:35
    • 294

Bakıda modelyerin atasının qətlə yetirilməsinin TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyerin atasını qətlə yetirib su quyusuna atmaqda təqsirləndirilən  Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama görə, hadisə bu il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. 

İttihamda bildirilir ki, təqsirləndirilən şəxslər K.Bəkirovun əvvəlcədən guya kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobil əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən silah kimi aldığı şampan şüşəsi ilə onun baş nayihəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetirib. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır dəmir parçası bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar. 

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb. 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Prosesdə ittihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini ittihamlarla qismən təqsirli biliblər. 

İş üzrə növbəti məhkəmə prosesi dekabrın 7-də davam edəcək.

Mərhum K.Bəkirov rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Samir Əli