ABŞ İsrailə təzyiq göstərir? Netanyahu açıqladı:
    • 7-11-2023, 10:54
    • 163

ABŞ İsrailə təzyiq göstərir? Netanyahu açıqladı: "Qəbul etmirik"

“Hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail qeyri-müəyyən müddətə Qəzza zolağının təhlükəsizliyini təmin edəcək”.

News24.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “ABC” telekanalında ABŞ-nin anklavı işğal etməmək çağırışlarını şərh edərkən bildirib.

“İsrail qeyri-müəyyən müddətə ümumi təhlükəsizlik məsuliyyətini daşıyacaq, çünki bunu etmədikdə nə baş verdiyini görmüşük. Təhlükəsizliyə görə məsuliyyəti öz üzərimizə götürmədiyimiz zaman əlimizdə olan tək şey, HƏMAS terrorunun heç vaxt təsəvvür edə bilməyəcəyimiz miqyasda böyüməsidir”, - Netanyahu bildirib.

Baş nazir, həmçinin bütün girovlar azad edilənə qədər atəşkəs mümkünlüyünü istisna etsə də, “kiçik taktiki fasilələri” istisna etməyib. Onun sözlərinə görə, İsrail ordusu humanitar yüklərin daşınması və ya insanların evakuasiyası üçün döyüşləri artıq dayandırıb, lakin ümumi atəşkəs girovların azad edilməsi səylərinə mane olacaq, çünki Fələstin qruplaşması “yalnız hərbi təzyiq” altındadır.

Bir müddət əvvəl Ağ Evin nümayəndəsi Con Kirbidən ABŞ-nin Netanyahunun mövqeyini dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala o cavab verib ki, Qəzzanın gələcəyi ilə bağlı müzakirələr davam edir və hələlik yekun qərar yoxdur:“Biz HƏMAS-ın daha Qəzza zolağına nəzarət edə bilməməsini dəstəkləyirik. Oktyabrın 6-na qayıda bilmərik”, - deyə o, cavab verib.

HƏMAS Qəzza zolağında qalacağına söz verib və əmin edib ki, kukla hesab etdiyi heç bir anklav hökumətini qəbul etməyəcək.

ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağının mümkün işğalı ssenarisini “böyük səhv” adlandırıb. O, HƏMAS-ın bütün fələstinliləri təmsil etmədiyini, məhv edilməli olan radikal bir qrup olduğunu vurğulayıb.

“CNN”in məlumatına görə, Amerika rəsmiləri İsraili anklavın uzunmüddətli işğalından çəkinməyə və dinc əhali arasında itkilərin sayını minimuma endirməyə çağırır. İsrail işğal planlarını rəsmən rədd edib.

"Bloomberg"in məlumatına görə, hazırda ərəb dövlətlərinin dəstəyi ilə müvəqqəti hökumətin yaradılması imkanları araşdırılır. Fələstin lideri Mahmud Abbas anklavın nəzarət altına alınmasına icazə verir, lakin bunun İsraillə hərtərəfli sülh prosesinin bir hissəsi kimi baş tutması şərti ilə. Bundan başqa, Qəzza zolağında sülhməramlıların yerləşdirilməsi məsələsi də müzakirə olunur.

Ayşən